Böyük bir təkrar...
Bu ayın ortaları bir il ardıcıl davam edən şəhərin yeknəsək həyatından bir gecəlik, cəmisi 24 saatlıq doğulduğum, ancaq uzun müddət yaşamadığım, fasilələrlə orda qalaraq beynimin xatirələr bölümünü doldurduğum torpağa getdim. Qarşıma bir zamanlar o daşlı- kəsəkli torpaqlarda böyük bir həvəslə gəzən, kələz- kərtənkələ qovan, arıları təqib edən balaca, sakit və qaradinməz bir uşaq çıxdı- gözlərini həmişəki kimi böyüdüb ağacların kölgəsindən, yolların tinindən, otaqların küncündən mənə baxırdı...
...Uşaq kimi təmizdi,
Vaxt, bizim kölgəmizdi...
B.Vahabzadə
Bir zamanlar uşaq idin və daşlı- kəsəkli, qumlu- palçıqlı, böyüklü- kiçikli kəndinizin yoları, xırdalı- böyüklü evləri, qocaman və cavan ağacları, babalı- nənəli, əmili- xalalı, qohumlu- tanışlı insanları sənə olduqları ölçüdən daha böyük, valideynlərindən daha əziz, beyninin həyatı dərk etmə əhatəsindən daha kiçik gəlirdi. Yəni insanları, ağacları, evləri bir gözlə görür, bir qiymətlə dəyərləndirirdin. Əslində sən çox balacaydın, dünya isə bütün varlığı ilə kiçik beynində bütün sualların cavabı hazır olan bir kitabdı. Məsələn, atan səndən soruşurdu: “vətən haradı?”, sən də 4-5 yaşında uşaq, harasa gözlərini göylərdəki bir nöqtəyə zilləyib baxırdın və deyirdin: “hardasa oralarda...”
Bir zamanlar uşaq idin və bilmirdin ki, bir gün bütün o uşaqlığını sənə qaytarsınlar deyə çox şeylərdən imtina edə bilərsən- onda ümumiyyətlə bunların nə demək olduğunu bilmirdin. Zaman sənin üçün o torpaqlarda keçən gözəl günlərin payızda bitməsi və yayda atanın 3 aylıq tətilə çıxması ilə iki hissəyə bölünürdü: kəndli günlər və kənddən uzaqda xatirəli günlər. İlin bu sənin tərəfindən yaradılmış təqvimində bu ikinci xatirələr fəsli yaman uzun olurdu- əslində davam etdiyi 9 aydan daha uzun- çünki darıxırdın, çünki gözləyirdin. Bax elə o zamanlar o uzun xatirələr fəslində oturub o gözəl günlərdə olanları yazırdın, qara- qura xəttinlə, xəbərin yoxdu ki, sən yatandan sonra evdə onları oxuyub gülürlər. Xəbərin həmdə yoxdu ki, bir zamanlar sən də onları oxuyub, qızarıb, ətrafına xəlvəti baxışlarla baxıb özün- özünə güləcəksən.
O zamanlarla bircə ortaq cəhətin var indi- onda da şəhəri sevmirdin, indi demək olar ki, sevmirsən. İmtahanlardan bircə gün fürsət tapan kimi kəndə yollandığın o gün, yolda, doğma yerlərə yaxınlaşarkən qara, nəm, çürük yarpaqlardan doymuş torpaq ətri burnuna dəyən kimi başa düşdün bunları. ( İlk olaraq hardasa beyninin dərinliklərində heç vaxt haqq verə bilmədiyin bir fərziyyəyə haq verdin- insan həqiqətən də torpaqdan yaranıb.) Başa düşdün ki, Freyd düz deyirmiş- sən o yaşda necə idin, indi də elə qalmısan. Heç dəyişməmisən. Elə ondakı kimi, sən demə hələ də hardasa dərinliklərdə oturub günləri sayırsanmış, darıxırsanmış. Ona görə sürücünün yanında oturduğun yerdə Mərəzənin çölləri Şamaxının yaşıllıqları ilə tədricən əvəz olunmağa başlayan kimi burnuna gələn o ətirdən diksindin, dərindən bir nəfəs aldın və sürücü sənin bu hərəkətinə gülümsədi.
...Dönüb özümüz olduq,
Indi vaxtın kölgəsi...
B.Vahabzadə
İndi o kəndin ölçüləri daha kiçikdi- sən böyümüsən çünki. İndi o kəndin başa düşülməsi daha çətindi, çünki artıq bütün sualları ilə dünya beynində hazır cavablı kitab deyil, çünki Sokrat deyir ki, o heç nə bilmir. Sən də artıq Sokrat olmasan da başa düşürsən ki, sən heç nə bilmirsənmiş. Yəni sən artıq vətənin göylərdə olduğunu da o zamankı arxayınlıqla deyə bilməzsən, nə də onun yerini təyin edə bilməzsən. Sən indi sonsuz suallar içində itib batmısan- sənin yaşındakı bir çoxları kimi. Səni indi nə böyüklərin təcrübəsi qane etmir, nə kiçiklərin səninki kimi olmayan həyatları. Çünki nə səndən əvvəlkilər sənin kimi olmayıblar, nə səndən sonrakılar sənin kimi olmayacaqlar. Zamanın hökmü bütün bunların qarşısında dayanır- yəni, heç kim sənə deyə bilmir ki, biz də belə olmuşuq, axı onlar heç biri sənin zamanında yaşamayıb. Əslində bir gün bunlara da güləcəksən- hər kəs öz zamanında təkrar hadisələri yaşayır, ancaq heç kim qocaldığını boynuna almaq istəmədiyi kimi bunu da boynuna almaq istəmir.
Amma kəndiniz bir az da dəyişib- əvvəllər bu kənddə heç kimin yanından ona salam varməmiş keçə bilməzdin- indi keçirsən, indi yolda tanımırsa əgər heç kim heç kimi maşına almır, indi kəndinizin həyatı da şəhər həyatını xatırladır- bütün müasir texnologiyası- sputnik antennaları, blutuzlu telefonları və interneti ilə; geyimlərində şəhər ruhuna can atan insanları və hörükləri ildən- ilə qısalaraq yoxa çıxan qızlarıyla.
Universitetdəsə deyirdin- elə bir yer istəyirsən ki, yaşamağa, cəmiyyəti şəhər həyatı olsun, məkanı kənd yeri, təbiəti səhərlər oxuyan quşlar və dodaq dəyməmiş bulaqlarıyla ruhunu oxşasın. Buyur, istədiyin olur. Amma qəmginsən.
Qəmginsən, çünki sənə elə gəlir ki, günü- gündən uşaqlıq xatirələrin qum üstündə yazı kimi saniyələrlə, zamanın müxtəlif ölçülü dalğalarının nazlana- nazlana etdikləri hüçümlarla yavaş- yavaş yoxa çıxır. Sənə elə gəlir ki, beş il sonra artıq səhərlər heç quşlar da oxumayacaq- əvəzində içindən quş çıxan saatlar dolacaq kəndə; sənə elə gəlir ki, artıq bulaqlar da toxunulmazlığını itirəcək, yaşıllıqlar da hər il odun əvəzi evlərdə ocaq- ocaq qalanmaqdan yoxa çıxacaq, nəticədə dağlar, meşələr, yoxa çıxacaq, yoları bir gün ot basacaq və kəndinizə gedən yollar itəcək bir gün- çünki artıq bir nəfərlik vertolyot da kəşf olunub, həm də kəndinizin cavanlarının yarısı şəhərdədi, yarısı da başqa ölkələrdə pul və əyləncə, rahat həyat, qayğısız ömür qovalayırlar. Bəziləri lap onları gözləyən analarının gözündə gedər- gəlməz nağıl yoluna çeviriblər oraları. Bir də ayılacaqsan ki, əcdadlarının- babanın, nənənin qəbrinin yeri itib artıq- sən bilməzsən insanı yoran yeknəsək həyatdan bezib bir gün ölənləri və ölümünü düşünüb dərindən bir nəfəs almaq istəsən o məzarlığı hardan tapasan.
Və sənə elə gələcək ki, hər şey əslində əmin oğlunun kəndə ilk gətirdiyi “Sega” oyun zalından başladı. Səndən on- onbeş yaş böyükdü əmoğlun və o hardansa əldə etdiyi o oyun maşınıyla bütün kəndi xəstə etdi. Nəinki bu oyunu oynaya bilmək üçün toyuğun altından yumurta oğurlayıb əmoğluna pul əvəzi gətirən kəndinizin uşaqları, hətta böyüklər də xəstə oldular. Bax onda kəndinizdə toyuqların artımı azalmışdı, əmoğlun da özü dediyi kimi qarğış yiyəsi olmuşdu- amma siz sevinirdiz. Ondan sonra artıq heç kim kəndinizin məşhur “çilik- salbey” oyunun oynamaq istəmirdi, indi də təbii olaraq heç oynamırlar o oyununu, çünki internetdə və kompüterdə daha maraqlı oyunlar var. Sonra digər birisi ilk olaraq indi “milçəköldürən, qozqıran” adlandırdığınız telefon gətirdi kəndə- insanları adıyla tanıya bilmə qabiliyyəti ilə az qala səni dəli edəcəkdi, çünki bunun necə ola biləcəyi bütün hazır cavablarıyla birgə tədricən böyüdüyündən itməkdə olan uşaq beynində həll oluna bilmirdi. Bax onda yaşlılar nə qədər başlarını bulayırdılarsa bu yeniliyə -əslində özləri də onlardan istifadə edərək, siz o qədər sevinirdiz, çünki həyatınız maqraqlı olurdu. Bu inkişafın sonunda isə özü böyüdükcə inkişaf etməkdə və dəyişilməkdə olan İstanbuluna yadlaşan Orxan Pamuk kimi öz kəndinizə yadlaşacağınızdan xəbəriniz yoxdu. Xəbəriniz yoxdu ki, bu texnologiya sizi və həyatınızı yeyib bitirəcək, insanları belə dəyişəcək.
Əslində, tarix boyu texnologiyalar kəşf olunduqca insan həyatını da dəyişib- yəni həmişə belə olub, sən də əlahiddə deyilsən. Bəs onda niyə itirdiyini düşünürsən ildən- ilə dəyişilib inkişaf edib qəsəbə adı almış, balaca olaraq əslində bir çox şeyini görmədiyin kəndini? Axı sən bu yolda nə ilksən, nə son- səndən sonra gələnə nələrsə maraqlı olacaq, sənə isə maraqsız və sən də bir gün kəndinizin ağsaqqalına çevrilib o yeniliklərə başını bulayacaqsan- yəni bir sözlə tarix təkrar olunur. Yəni əslində “atalar və oğullar” adlanan problem yoxdur, “təkrarçılıq” problemi var nəsillər arasında və bunu nə sən, nə də başqası düzəldə bilməz, bu sizin qanınızdadı- qocalanda saçlarınız ağarması kimi təbii bir haldı bu, bu gündən- günə böyüyən körpənin məktəbə getməyi, sonra instituta girməyi və günlərin gözəl bir günü qız sevməyi kimi bir şeydi...
Yəni ümumiyyətlə nə kəndiniz dəyişib, nə orda yaşayan insanlar, nə də münasibətlər və həyat tərzi: dəyişilən, dəyişildikcə bütün insanların sifətində, əməllərində, beyinlərində və baxışlarında əks olunan zamandı... Yəni şair necə deyib: zaman sənin içindədi...
Baxış sayı: 81
Açar sözlər:

Zərdüşt, çox gözəldi- bu yazını oxuyanda çox duyğulandım. Gerçəkləri yazmısan və olduqca uğurlu alınıb. Allah qələminə güc versin!!!
İyul 10, 2009 13:39