Reklam verin!
Şəhərin küçələrinə payız gəlir- asta-asta,addım-addım.Payızın küləkləri xəlvətcə casusluq edir qoca şəhərin küçələrində,tinlərində,parklarında...O tin sənin,bu küçə mənim süpürür şəhəri gah o yana,gah bu yana....Elə bil ki,məqsədi heç süpürmək də deyil.Şəhəri,camaatı axmaq yerinə qoyubdu sanki.Day demir ki,bu şəhər neçə payız yola verib,bu insanlar neçə xəzan görüb...

 Arxadan nə isə hiss etdi - bu nadir halda olan bir şey idi,çoxdandı o bu hissi keçirmirdi.Əvvəllər arxadan kim isə gözlərini onun kürəyinə zilləyərək baxanda,o bunu hiss edərdi. İndi isə bu daha kəskin və dəhşətli bir şey idi.Heç arxadakının kim və nə olduğunu bilməyərək – bu onu dişləmək istəyən  it və yaxud da onu vurmağa yaxınlaşan maşın ola bilərdi - tükləri biz-biz durdu!Qorxa-qorxa arxaya döndü- elə bil ki,o nə idisə,o dönənə kimi ya onu vurub əzim-üzüm edəcək,ya  dişləyəcək,ya da sanki başına bu saat daşdan-zaddan salacaqdı.Və bu hiss o qədər güclü idi ki,o artıq ən ucuzunu arzu edirdi.Arzu edirdi ki,bu bir maşın olsun,onu vursun tullasın bir qırağa- ancaq göydən yağan daşlar kimi,əzib yerə yapışdırmasın,ya da yanından keçdiyi onaltımərtəbə təki uçub başına tökülməsin-  bir çəkic mismarı vuran kimi onu yerə vurmasın,ya da bir it iti dişlərini ətinə keçirib,sümüyünü sındırmağa çalışmasın.İlk nəzərdə arxada heç bir təhlükə yox idi və o dərindən- ürəkdən nəfəs aldı.Təsəvvür edin,ən azı əzilməyə hazır bir adamın birdən-birə sağlam qaldığı vəziyyəti.Yazıq bilmirdi sevindiyindən nə eyləsin.Ancaq gözləri Onu birdən gördü- hisslərində yanılmamışdı.Bu bir təbiət mənzərəsinə bənzəyirdi- lap kompüterinin ekranına qoyduğu fon idi sanki.Payız mənzərəsi- sapsarı xəzəlli yol.Yarpaqları saralmış ağaclar və bu sarılığın şirinliyi fononda doğma əziz hisslər.Yaşanılmış,unudulmamış və yaddaşa hopmuş bir həsrət,bir darıxdırıcı an,bir saniyəlik nəfəs kəsən kədər,ifadəsi mümkünsüz bir reallıq və eyni zamanda da absurd,boş,əlçatmaz,ölüm kimi qərəzli və gizlin,ağlamalı,dəli kimi ağlamalı bir an...Zamanın dayandığını hiss etdi Onu görəndə- hətta əmin oldu ki,bəzi xarici filmlərdəki kimi,kadrlar hərəkətdəykən- ağac inkişaf edərək böyüdüyü  yerdə,yarpaq solmağa hazırlaşdığı yerdə,qanı dövran etdiyi, dünya fırlandığı,ayağı yeni addım üçün atıldığı yerdə dayandı.Və o dəqiqə dəhşətli dərəcədə bir rahatlıq əmələ gəldi- nəfəs kəsən rahatlıq- sanki dağın lap başına,Bazardüzünə,Comolunqmaya çıxmısan və ömrü boyu təmiz hava görməyən ciyərlərin özlərini itiriblər, havanı mübadilə etməyin texnikasını itiriblər,və onlar oksigeni alıb,karbonu vermək əvəzinə,tozsoran kimi oksigeni sorurlar,ancaq karbondan əsər əlamət yoxdur!Onu görəndə həyatının sonunu hiss etdi- ipin qırılışını,insanlığın sonunu,qiyaməti hiss etdi.Hiss etdi ki.heç vaxt belə gözəllik görməyən bədəni buz kimi əriməyə,axmağa,yoxa çıxmağa,göyə sovrulmağa,yerə batmağı,xırda-xırda,ilmə-ilmə ayrılmağa başlayır.Hiss elədi ki,belə təmiz vücud,belə işıqlı sifət,belə gözəl rəng görməyən gözləri tamamilə kor olmağa başlayır və o var gücü ilə çalışırdı ki,bircə saniyə,minbirdə bir saniyə artıq görsün,gözlərinin bütün hüceyrələrini,beyninə tərəf yönələn ötürücü damarlarını,beyninin hisslərə ayrılmış ayrı-ayrı bölmələrini,ordan belinə doğru saniyənin milyonda birində irəliləyən ehtirası- həyat,yaşamaq eşqini,və bütün bunlarla yanaşı,bədənində yanan  cəhənnəm ocağını bir az da artıq  hiss etsin!Hiss etsin ki,sanki cənnətdədir- elə öz bədəniymiş cənnəti!Başdan ayağa işığa qərq olmuş halda işıq saçdığını hiss etdi.Kamilləşirdi sanki- beynində artıq heç nə düşünə bilmirdi- nə ki,düşünülməli idi,düşünülürdü...Elə bil onun yerinə hardasa kənarda düşünürdülər,ona bu düşüncəyə yalnızca təşnə kimi baxmaq,valeh olmaq,inanmaq,alışmaq,öyrəşmək,və bunlarla eyni zamanda,bəlkə də o düşüncənin qərarı ilə  məhv olmaq qalırdı- yoxa çıxmaq,ərşə çəkilmək.Və bu əmələ gələn yeni duyğular o qədər gözəl idi ki,məhv olmağa,yoxa çıxmağa ,ərşə çəkilməyə dəyərdi!Onu görəndə,bir dəqiqə qabaqkı əminlikdən milyard dəfə artıq bir əminliklə başa düşdü ki- ölüm qaçılmazdır,haqqdır və o burda,yolun ortasında,ona tərəf gələn uzun sarı şallı ,sarı saçlı,sarı bənizli bu qadına baxaraq ölməlidi.Bu qadının indi,bu saniyə onun üstündən, onun içindən keçərək getməsinə onun  bəlkə də bir əsrə yaxın  davam edəcək həyatı dəyərdi.Dəyər- təki yolunu sapdırmasın,təki dönməsin,təki ətrafında hərəkət edən başqa birisinə tərəf çevrilməsin....Bu fikirlər- ölümlə,həyatla bağlı,bu nəticələr- bu qızla,sarı bənizli qadınla bağlı hardan gəlirdi ağlına başa düşə bilmirdi.Beyninin hansısa bir hüceyrəsilə bütün bunlara- bir neçə saniyənin ərzində yaşadığı, hiss etdiyi bu inanılmaz hisslərə tənqidi yanaşmağa çalışırdı.Bu ikinci  fikir axını ona nə axmaq-axmaq,fantastik şeylər düşündüyünü,bu qadının da adi bir qız olduğunu,və o ölüm fikirlərinin boş və mənasız olduğunu ona deyirdi.Ancaq o hüceyrə çox balaca idi və bütün bədənə qarşı,təlatümə gəlmiş bir insan ehtirasa,həyəcana qarşı heç nə edə bilməzdi.Ona görə də o hüceyrə dəli kimi ağlayırdı,və o insanın bir gözünün güldüyü,sevinc hissləri ilə parladığı halda,biri ağlayırdı,yaş gəlirdi gilə-gilə gözünün birindən.Ancaq o düz  qadının üstünə gedirdi- içində dəli kimi bir inam vardı ki,o qadına çatan an,qadın bir ruh kimi onun içindən keçəcək,ürəyini sərinlədəcək,gözlərini qaraldacaq və o son mənzilə,ölülər dünyasına daxil olacaq.Onun bu yerişi intihara bənzəyirdi- amma nə fikrində bir tərəddüd,nə hərəkətlərində bir yayınma vardı!Bircə bir gözü yaş tökürdü dayanmadan.Qadının ona və onun qadına doğru addımladığı yolda hər iki tərəfdən ağaclar düzülmüşdü,və o qadın gələn tərəfdə sanki dünya dağılır,fırtına qopurdu- o isə bunları hiss etsdə də görmürdü.Çünki gözlərini qadının gözəlliyi,ondan yayılan sarı şəfəqlər bağlamışdı.Bircə dənə də cizgi olmayan sifətində bütün bir səmanı yerləşdirmək olardı sanki.O qədər böyük və eyni zamanda o qədər balaca idi ki,qadın,Ona bütün həyatını sığışdıra bilərdi,ona bircə özünü sığışdıra bilməzdi.Onların üz-üzə toqquşmaları anı yaxınlaşdıqca bayaqdan dəli kimi çırpınan ürəyi daha da bərk çırpınmağa başladı- sanki bu saat sol döşü deşiləcəkdi və ürəyi rahat nəfəs ala biləcəkdi.Həqiqətən də sinəsi,dərisi ağrımağa başladı..Qadın ona çatdı,gülümsədi,və onun sinəsindən dəhşətli bir ağrı qopdu- bütün bunlara baxmayaraq o da gülürdü,içindən bir ruh kimi,boşluq kimi keçib gedən qadına son təşəkkürünü edirdi...Bircə arxaya dönə bildi son anda.Onun qadına doğru bir neçə saniyə qabaq irəlilədiyi yolda nə bir ağacda yarpaq qalmışdı,nə bir güldə çiçək.Hansısa bir qüvvə onlari yolub küçəyə tökmüş,küləyin əlinə vermişdi və külək yarpaqların başına oyun açırdı sanki.Qadın,öz uzun şalı və arxasıyla dəli kimi fırlanan yarpaqları ilə,heç yerişini yavaşıtmadan onun içindən keçib getmişdi,elə indi də yerişinə davam edirdi,nə bir insan bəndəsi onu görürdü,nə bir insan bəndəsinin o içindən keçirdi,qabağına çıxan insanları yandan ötürürdü,bəzən də  başlarına fırlanırdı...Sanki məhz onun dalı ilə gəlmişdi...Küçəni dəhşətli bir fırtına almışdı ağuşuna.Bir yandan görənlər yıxılan kişiyə doğru qaçır,nə baş verdiyini aydınlaşdırmağa çalışır,bir yandan da küçəni ağzına alan külək ağaclarda nə ki yarpaq var,əlinə alaraq,ora-bura dəli kimi şütüyürdü.Eyni zamanda insanın düz yol getdiyi yerdəcə ölməsi və küçədə sanki bir tayfunun fırlanması insanları tamamilə şok vəziyyətinə salmışdı.Hələ cəsədin başında,sarı donlu,sarı saçlı bir qızın dizlərini yerə qoyub  dəli kimi ağlamasını demirəm.Yazıq qızcığaz onunla üzbəüz gələn bu kişinin indi niyə burda səssiz uzandığını anlaya bilmirdi,ki bilmirdi...

 


Bookmark and Share
Baxış sayı:71     Aprel 27, 2008 13:49 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha