Hər şey – daha doğrusu onda hər şey var idi,heç bir şey - yəni hər şeyin varlığından sonrakı üzücü boşluq həyatıma daxil olmağa qələmimin qırılmağı ilə başladı.Lap xoşladığım kriminal filmlərdəki kimi- elə bil qadir bir əl qələmimi sındırıb atdı qabağıma,və mənə niyəsə elə gəldi ki,qələmi mən özüm sındırdım.Beləcə qələmim qırıldı- yazı yazdığım yerdə.Yadıma Afaq Bəşirqızının “qələm demə,denən öyümüzün dirəyi itib,denən çörək ağacımız itib...” ifadəsi düşdü.Üst-üstə əlli manatı bir yerdə görəndə hansısa bir bankın xəzinəsinə girdiyini düşünərək həyəcanlanan Mənin- sanki bu başqa bir adamın adıdı və mən ondan danışıram - canından bir üşütmə keçdi ki,gəl görmiyəsən,tüklərim biz-biz durdu.
Belə də tərslik olar?Aləmi vurdum bir-birinə.Böyük iş otağımda bir dənə də əlavə qələm tapılmadı ki,tapılmadı- halbuki hər metroda qələm satan qabağıma çıxanda birini alıb qoyuram döş cibimə və ətrafdakıların dəliyə baxar kimi baxdıqlarını sifətimdə tər tökə-tökə hiss edirəm.Və bu qədər qələmin də hara getdiyini bilmirəm.
Köhnə qəzet paçkalarından təzə qovluqlarıma qədər eşdim,dağıdıb tökdüm.Yoxdu,ki,yoxdu.İş yoldaşlarımdan da istəmək istəmədim.Özünüz təsəvvür edin- müdirlə dalaşmışam,gəlmişəm işdən çıxmağa ərizə yazıram,amma qələmim yoxdu.Kimin üstünə getsəm elə biləcək ki,guya bəhanə edirəm ki,müdirlə barışmağa mənə kömək etsin,heç olmasa dedi-qodu edək,mənə haqq versin,və s. və i..Yox,gərək aşağı düşəm,dükandan bir qələm alam.Hələ siqaretim də qurtarıb axı- gərək bir paçka da siqaret alam.
Bəlkə də qələmimin qırılmağı mənə bir işarə idi- mən başa düşmədim.Necə deyərlər him-cimdən anlamıram.
Gözlərimdən od çıxa-çıxa düşdüm aşağı.Girdim marketə.İstəklərimi bildirdim.
-Siz hansı qələmdən istəyirsiniz?Şarikovoy yoxsa sadə?Bəlkə yağlı qələm verim?Baxın,bu qızılı yazır...
Satıcı,maşallah,limitin bəlkə də olmadığından,sayğacına “barmaq” edilmiş qaz xətti kimi,lap arxayın bir şəkildə başladı üyüdüb tökməyə.Məndə hardadı o ilahi səbr ki,ona qulaq asım?
-Fərqi yoxdu...sadəsin ver...Ermənistanla sülh müqaviləsi imzalamıram ki...qızılını neynirəm?Yazı-yazmağa qələm ver də....
-Bu dəqiqə...
Nə isə...Əhvalımın pis vaxtında,satıcını birtəhər başa saldım.Qələmi aldım qoydum döş cibimə-lap metrodakı kimi,siqareti də aldım əlimə və qapıya doğru yönəldim:
-Sağ olun...-əsəbi olsam da özümü ələ alıb sağol dedim,hər bir vəziyyətdə yenə və yenə də mədəniyyətli olmaq lazımdı.
Həm də artıq işdən çıxıram,burdan da gedirəm,necə olmasa da insanların yaddaşında pis,kobud qalmaq jurnalistə yaraşmır.
-Pulunu vermədiz axı...-satıcı qımışdı...
Deyəsən təmiz başımı itirmişəm.
-Bağışlayın....fikirliyəm...
-Olan şeydi....
-Yox birinci dəfədi....
-Olur....-satıcı fırıldaq-fırıldaq güldü.
Elə bil başıma bir qazan qaynar su tökdülər.
-Deyirəm birinci dəfədi...
Satıcının niyəsə rəngi qaçdı- yəqin sifətimdən zəhrimar yağır.
-Başa düşdüm,birinci dəfədi...
Bilmədim hardan dilim belə açılmışdı:
-Və axırıncı dəfə....
Tez çölün aynasında özümə baxdım- vurağan öküzlərə oxşayırdım.Bayaq müdirlə də belə danışmışamsa qanım getdi.
Dialoqumuzun və onunla paralel olaraq kompüterə düşmüş və fəaliyyətə başlamış virus kimi sırtıq şəkildə uzanıb gedən,və danıışmağa,hərəkət etməyimə mane olan- fikirlərimin uzanmasının bir səbəbi də ciblərimdə eşələnməyim idi- pulu tapa bilmirdim.Deyəsən boş idi ciblərim.
-Əstəğfurullah...
-Başa düşürəm...-satıcı yenı qımışdı.
Artıq hövsələm daralırdı- bu hər şeyi başa düşür,biz guya lom zadıq burda.
-Nəyi başa düşürsüz?
-Pulunuz itib...
-Yox otaqda qalıb...-nolub görən mənə,bunla söz güləşdirirəm.
-Ola bilər...
İndi də yenə “ola bilər” gəldi....Deyəsən qızdırmam qalxır.
-Deyirəm otaqda qalıb!
Məndən niyəsə qorxur deyəsən bu....
-Əlbəttə- təkrar edir...- otaqda qalıb...
Bir kəlmə də desə öldürəcəm.Tərslikdən pulu da tapa biılmirəm.
-Gedin sonra verərsiniz...sizi ki tanıyıram...
Qaşlarım çatıldı.
-Hardan tanıyırsız?
-Siz “Mahmudsuzluq” qəzetinin aparıcı yazarlarından Mahmud Şərəfsiz,elə deyil?
-Artıq deyil...-satıcı qoyun aptekə baxan kimi mənə baxdı -daha doğrusu qələmim qırılıb aşağı düşməsəydim artıq oranın aparıcı yazarı-zadı deyildim..ərizəmin üstünə gözəl bir “peçat” evə gedirdim...Əsəblərim sakit,üzüm şən...
-Olan şeydi...- yenə də başladı....
Üzümü qapıya tərəf tutdum,cibimdə qələm,əlimdə siqaret,beynimdə zəlzələ...
-Mahmud bəy....
Bu satıcı deyəsən kiminləsə mərcə girib ki,mənim əlimdən xata çıxardacaq.Ya da ,gizli çekiliş zaddı.
Yenə də canımı dişimə sıxdım- mədəni olmaq lazımdı,hər halda adam səni tanıyır.
-Buyurun...
-Siz də çıxsaz o qəzetin halı pis olacaq....
-Niyə ki...
-Əşşi,onsuz da,Mahmudsuzluqdadılar,indi siz də getsəz....-ağzını yana əydi,yəni halı xarab olacaq...amma mənim gözəl sifətimdəki ifadəni oxuyub cəld o biri müştərini yola salmağa başladı.
Bu satıcılar da deyəsən camaatla mırt vurmağa bir candılar.
Qapıdan çöldə bir siqaret odladım.Bir gözüm mağazindəki satıcıda idi.O da mənim baxışlarımı hiss etdiyindən müştərilərlə yeri gəldi,gəlmədi zarafatlar edirdi- zalım oğlu mənə özünü göstərir.Bir gün bunu vurub atacaqlar buralara bir yerə.
Satıcıya bir uşaq yaxınlaşdı:
-Əmi bu manatı xırdala da...məəmçün...
Uşağın beş ya altı yaşı olardı.
Satıcı qəpikləri əlində saydi və uşağa verdi:
-Bir...iki ...üç ...dörd...beş...altı...-deyəsən uşaqla da məzələnmək istədi...
Uşaq maraqla bir satıcının sifətinə baxdı,bir də qəpiklərə.Qapıya tərəf gələ-gələ ildırım surəti ilə qəpikləri saydı və birdən geri döndü və:
-əmi beş dənə di axı...-dedi.
Məni gülmək tutdu.Nətər olmasa da adamın əhvalı yüksəlir.Bu da savabdı.
Bir qadın yaxınlaşdı mənə,40-50 yaşlarında.Yəqin təqaüdçüdü.
Bircə indi məndən çörək pulu istəməsin- axır vaxtlar yaman çoxalıb bunlar şəhərdə.İndi o məndən pul istəsə təmiz özümdən çıxacam.Bu boyda adam,cibimdə də bir qəpik yox.Gəl indi bunu başa sal.Adama elə üz vururlar ki...O gün bazardakı kimi.Zorla qabağımı kəsib,40 qəpiyimi alıb,sonra da utanmaz-utanmaz deyir ki,”qismətim səndəymiş...”Day başa düşmürəm,bunun nəyi qismətdi.
-- Oğlum bu yaxındakı redaksiyanın adı nədi?Bilmirsiz?
-- “Mah...”- dalın deyə bilmədim sözümü kəsdi.
-- Hə bax ora...orda baş redaktor kimdi....siz deyəsən orda işləyirsiniz...
-- Hardan bildiz?
-- Səhərdən əlli nəfərə bu sualı vermişəm...heç biri bilməyib...siz bilirsinizsə deməli oranın işçisisiniz...
-- Müdür,Mahmud Mahmudzadə.....
-- Hə bala...onu deyirəm...o ağıllı başlı adamdı da hə?...
-- başa düşmədim...niyə ki...
Arvad əlləri əsə-əsə qəzəblə dilləndi:
-- Əşşi o nə addı qoyub qəzetə?İki saatdı qəbulunda oturub gözləyirəm ki,ona bu sualı verim...
Məndə elə bir enerlji əmələ gəldi ki,birdən-birə az qaldım yerimdə dombalaq aşam:
-- Qəbul etdi sizi?...
--Yox....bala...bilmirəm kim qoyub onu ora...hər nömrəsin alıram qəzetin...oxuyuram...o baş...bu baş...bir əlaqə tapa bilmirəm “Mahmudsuzluq”la....əşşi bir adın mənası olmalıdı ya yox... cəhənnəm,heç olmasa “kartofsuzluq” qoysaydı başa düşmək olardı onu...
Az qaldı arvadı boğub öldürüm- yəni vallah onu elə qucaqladım ki,özüm də öz gücümə mat qaldım...50-60 kiloluq arvadı qaldırmışdım havaya..
-- Ay sənə qurban olum...a xala...-sevincimin həddi hüdudu yoxdu- ay sənin qadan alım...
-- A bala yavaş neynirsən...özü də xala demə mənə...-əyildi qulağıma – indi o sözü pis başa düşürlər...sən öl...
Bir az çaşdım- qoca arvadda sözlər var.Amma fikir vermədim.
--Əşşi ona görə çıxıram da işdən...
--Niyə çııxırsan ki?
-- Əşşi altı aydır burda hamballıq edirəm- arvad əllərimə baxdı- yəni özümü öldürrürəm...qrafikasından tutmuş dizaynına kimi...beş altı imzayla yazı yazıram...nə bilim internetlərdən məlumat yığmaqdan virusa dönmüşəm...lazım gələndə şəxsən onun yerinə imza da atıram vərəqlərə...məqalə yazıram...bir də baxıram ki,altına öz imzasın qoydurub- guya o yazıb...nə deyəsən...müdirdi...di gəl ki,bu qəzetin adının mənasını başa düşə bilmirəm...
--Bəs özü nə deyir?
--Deyir sən bilməzsən...mən öləcəm nə vaxtsa- amma tezliklə bizi elə şərəfə nail eləmək fikri yoxdu,maşallah turp kimidi... –ancaq bu qəzet uzun illər,əsrlər çıxacaq...və ona bu qəzetin adı...”Mahmudsuzluq” özünü doğruldacaq...Mənsiz bu cəmiyyət mənim qədrimi anlayacaq...Mahmudsuz qalan insanlar onda mənə heykəl qoyacaqlar...
Arvad maraqla mənim əl-qolumu ölçərək Mahmudzadənin ağzını əyməyimə tamaşa edir.
--O deyir?
--O deyir...
--Orda nə qədər maaş verirlər sənə...
--Belə də ...olanda olur...
Doğrusu rəqəmləri deməyə çəkindim- o rəqəmləri hər xatırlayanda mən üç gün valerian qəbul edirəm,qalıbdı bu arvad.Yazıqdı vallah...
--Başqa işin var?
--Yoox..
--Bir iş tapmısan özünə ordan çıxsan işləməyə...
--Yooox...
--Bəs nəyə çıxırsan?
--əşşi ,indicə özünüz demədiz?....o nə addı?...
---Sənə nə dəxli var adın...pulunu al,işini gör...millətin başı xarab olub ey təmiz..- arvad dilləndi.-Sənə nə isti soyuğu...
-Axı...
--Kül başıva...
Az qaldı dəli olam.
--A xala..
--Xala nənəndi...
“Xalam” getdi.Qaldım küçənin ortasındə təpəmdən tüstü çıxa-çıxa.Vulkan kimi qaynamağımı görməyə iki dənə göz lazımdı.Beynimdə ancaq iki kəlmə fırlanırdı:”mahmudsuzluq,kartofsuzluq...kartofsuzluq...mahmudsuzluq, mahmudsuzluq...:
Deyəsən başım fırlanır.Ürəyim də elə bil narahatdı.Əlimi sol sinəmə atdım.Ürəyim cingildədi- yox pullar cingildədi.Döş cibimə baxmaq bayaq heç ağlıma da gəlməyib.Doğrudan da xarab olmuşam.
Qayıdıb girdim dükana.Satıcı maraqla mənə baxır- yəqin arvadı dəli kimi qucaqlamağımı görüb.Utandım.Çox utancağam.Pulları verdim və sakitcə dükandan çıxdım.Qalxdım yuxarı.
Elə dəhlizdə Mahmud Mahmudsuz- yeri gəlmişkən,bu onun təkcə qəzetinin adı deyil,həm də təxəllüsüdü - yəni Mahmudzadə həzrətləri çıxdılar qabağıma- onu görəndə mənim elə bil ki,nə vaxtsa orta əsrlərdə şah yanında qulluq etdiyim digər həyatım yadıma düşür.Bəlkə də saray şairi olmuşam əvvəlki həyatımda...kim bilir...
--Yazdın əəə ərizəni...gedirsən?
--Yox Mahmud bəy fikrimi dəyişdim...başa...-sözümü ağzımda qoydu,gözlərimin önünə filmlərdəki epizodlar gəldi.Necə ki kadr bütün hərəkətləri ilə dayanır havada...və kamera bu dayanışdan istifadə edib surətlə fırlanır personajın başına...indi mən də təsəvvür etdim ki,mənim “dav” sabunu ətri verən yağlı hərflərdən ibarət sözlərim havada necə dayandı....
--Elə şey yoxdu...çıxacam dedin çıx...sən mənim “Mahmudsuzluğuma” şübhə gətirmisən....Mənsizlikdən şübhəli adamla işləyə bilmərəm...heç vaxt--- başını yelədi—qətiyyən...
Otağımla vidalaşdım- axı o arvad olmasaydı heç vaxt mən o hərəkəti eləməzdim..fikrimdə özüm-öz ağzımı əydim,elə bil başqasını yamsılayırdım— Mahmud bəy...mən fikrimi dəyişim...zəhrimar dəyişdin...indi ala...deyəcək yaltaqlanırdı...Yaltaqlanırdın da,bunun başqa adı da var?
Sanki iki nəfərdən ibarət idim,və onlar mənim elədiyim hərəkəti müzükirəyə qoymuşdular,və tərslikdən ikisi də indiki insanlar kimi,eyni şeyi deyirdilər,ancaq nədəsə razılaşa bilmirdilər- elə bil biri vergülü ortaya qoyurdu,cümlədə,biri də axıra...Gəl indi indi bu yazdıqlarımı fikirləşməklə məşğul olan üçüncü Məni də çağır köməyə və başla bunları sakitləşdirməyə..
Qapıdan çıxdım ki,metroya tərəf yönəlim,Mahmud bəyi gördüm,maşınına əyləşirdi.Ömrümdə heç vaxt etmədiyim,yəqin ki,etməyəcəyim hərəkəti etdim:
-- Mahmud bəy..
Sanki beynimdə bərk mübahisə edən Mənlərimi bu hərəkətimlə tamamilə şoka salmaq istədim..Hələ bir problemi həll eləyib qurtara bilməmişdilər ki,axşam yatanda hadisə barədə elə hadisə yerindəcə hazırlanmış “protokolu” Vicdanıma təqdim etsinlər,mən digər bir dəliliyə hazırlaşırdım...!.
-- Buyurun...- kişi mədəniyyətlə dilləni.
Sevirəm də bu kişini,..bu alicənablığına görə.Başdan ayağa demokratdı kişi...
--Məni metroya atın da...
Kişi mat qalmışdı –heç kim ona bu sözü deyə bilməzdi.Özü də bu üslubda,bu vəziyyətdə...
Mənlərimdən biri heyrətdən - mən onları ağacda oturub bir biri ilə didişən meymunlar kimi təsəvvür edirəm niyəsə - oturduğu budaqdan kəllə-paça yerə dəydi,və bu mənə axşam Vicdanımın hüzurunda böyük cəza verdirəcəksə də ləzzət elədi...
--Özünü pis hiss edirsən?
Yazıq bir sifət aldım:
--Özümü bağışlaya bilmirəm...mən sizi başa düşə bilməmişəm...
Onun gözləri gülürdü.Mənim bütün əsəb sistemim məhv olmağa doğru gedirdi,amma özümü qoymuşdum axırıncı yola - ölmək var dönmək yoxdu.Bunnan məzələnəcəm.
--Buyurun...
O mənə maşına oturmağı təklif etdi...
--Mahmud bəy...- elə sifət yaratdım ki,elə bir türk filmlərində zaddayıq...mən ona bu ifadəylə demək istəyirəm ki,yəni bu nə “xəjələtdi” verirsiz...
Yol boyu heç nə demədim- o arada bir mənə baxdı,mən də ona.Bircə meymunlar yaman zarıyırdılar...
Qapını açıb metronun yanında düşəndə dedim:
--bağışlayın...əziyyət oldu...
--Xoşdu...-güldü...
--Mahmud bəy...
Kişinin sifəti gülürdü- elə bilirdi ki,qələbə çalıb.Elə ağzını açıb demək istəyirdi ki,heç nəyə baxmayaraq sabah işə gəl...mən qoymadım:
--Mahmud bəy...hər halda siz qəzetə başqa ad qoyun...--...kişinin sifəti çöndü,deyərdim ki,beynində o “katerinadı,” nədi,o fırtınadan yarandı...mən hətta deyərdim ki,mənim insafsızcasına yerə dəyib əzilmiş meymunlarım qorxu filmlərindəki xortdan kimi birdən qəbirdən durdular ayağa -məni hətta üşütmə də basdı,sanki gecə saat üçdə,boş və qaranlıq evdə “film-ujasa” baxıram...-- məsələn “kartofsuzluq”...elə kartofun sağlığından...bir azdan inanmıram ki,heç o da olsun...
Baxış sayı:125
Yanvar 7, 2008 20:37 tarixində, zerdusht tərəfindən,
nəsr bölməsində yazılib.
Şərhlər(2)


Noyabr 23, 2008 2:32