Reklam verin!
Günəşli bir gündə öz evində nahar edən Nadan müəllim «öz sevimli» arvadı ilə söhbət edərkən – daha doğrusu hansısa bir mənasız mətləbdən danışaraq artıq bu evdə adət halını almış bir dava yaratmaqla məşğul olarkən qapı döyüldü və qapının döyülmə dərəcəsindən xəbərin dəhşətli olacağını həm Nadan, həm də onun «sevimli» arvadı başa düşdülər. Əvvəlcə arvad bəd ağzını açdı və həmişə, hətta hamama, əlsuyuna gedəndə də etdiyi kimi heç bir evin kişisinə sərf etməyən bir fikir aşıladı: -Yəqin işıqdandı.
Bu ikicə kəlmə kifayət etdi ki, Nadan müəllimin həmişə sevə sevəyediyi yemək boğazında qalsın. Amma təhlükə sovuşdu: çünki bu yeməyin içində boğazda qalmalı bir şey yox idi və müəllim ağzındakı sarıkökdən saralmış suyu hıçqıra-hıçqıra udmağa macal tapdı. Qonşular içində ərinin bilmədiklərini bildiyinə görə «bilmiş» ləqəbini qürurla daşıyan Fincan xanım asta və uğurla sınaqdan çıxmış yerişi ilə, döşəməni cırıldatmamağa çalışaraq qapıya tərəf irəlilədi və ərinin dəbərmiş gözlərindən öz mimikası ilə səbr tələb edə-edə, ürəyində isə hansısa bir duanı – bəlkə də bir şeri pıçıldaya-rıçıldaya Allaha yalvardı: «Sən xeyirindən elə». Nəhayət əli ilə qapıdan baxmaq üçün qoyulmuş bağlı «qlazok»un qapağını astadan qaldırdı və cəld gözünü «ekrana» dirədi: bu cəldlik ona görə lazım idi ki, qapıda dayanan adam «qlazok»dakı işıq hərəkətini görməsin və qapıdan baxıldığı bilinməsin. Fincan xanım öz oğlunu tanıyan anda da, onun dəcəl olduğu qədər də tənbəl oğlu qapının o üzündən dəli kimi çığırdı: -Aç qapını. Fincin xanım səhərdən sinəsində sıxdığı bir yığın karbonu otağa buraxıb nəfəsini tarımladı və hələ də qışqırmağa davam edən oğlunu qapını açmağı ilə çəkib içəri salmağı bir oldu: hərəkətlərin cəldliyi çox böyük bir ustalıq tələb edirdi, axı qapıda bir saniyə artıq görünmək borclarını istəyən qonşuları, çox vaxt məhz məktəbdən uşağın gəlməyini gözləyən qaz, işıq, su kanalizasiya və s, xidmət işçilərini ayıltmaq, özünü yaxalamaq üçün onlara şans vermək demək idi. Yediyi burnundan gəlmiş və yaxud boğazında qalmış Nadan müəllim əlində bir stəkan su, ağzında qənd, məktəbli oğlundan hay-həşirin səbəbini gözləyə-gözləyə, həm də gözünün ucu ilə həyəcanlı arvadına baxa-baxa, əslində isə fikirlərində necə deyərlər İrandan vurub, İraqdan çıxa-çıxa, fikirləşirdi ki, əgər bu qapını döyən işıq, su, qaz, yaxud kanalizasiya pulu yığan olsa idi nə edərdi və əgər heç olmasa yeni bir xidmət – hava pulunun yığılması haqda olan xəbəri eşitsəydi nə deyərdi, və yaxud namuslu bir məktəb müəllimi kimi jurnalistlərə nə müsahibə verərdi?… - Məlim ma beş yazıf, məlim ma beş yazıf, mə… Nadan oğlundan belə bir xəbər gözləmirdi və buna görə də xəyalən gəzdiyi və dərdini çəkdiyi İran və İraqdan geri qayıdaraq, fikrini oğlunun çevrəsində topladı, çalışdı ki, onun hansı fənndən beş aldığını düşünüb tapsın, amma mümkün olmadı: çünki onun «beş» ala biləcəyi şeylər fənn deyildi və deməli bu «beş» xəbərində nə isə bir «barmaq» var… - Hansı axmaq yazıb sənə o «beş»i ? Arvad ona məzəmmətlə baxdı, gözlərindən anlaşıldı ki, bu ifadəni tez-tez eşidir və əsas da bu ifadədən heç xoşu gəlmir. - Tarix müəllimi… - uşaq hırıldadı. Nadan öz ixtisasının adını eşidib gülümsündi, fikrində yenə haraları gəzdisə, nəyi xatırladısa nəhayət dilləndi: -Qanında var, qandan keçib. Fincin xanım özünü saxlaya bilmədi: -Keçməyinə keçib. Amma nə?! Bayaq qapının döyülməsi ilə yarımçıq qalmış dava deyəsən indi baş tutacaqdı, amma yeni bir «hərəkat» bu davanı da yatırdı: həyətdən müəllimin çox sevimli və qəhrəman oğlunun – Qəhrəmanın indiki müğənnilərin həsəd aparacaqları avazı ucaldı: - Ay ana, ana-a… Muğama bənzər, amma bir az da təcili yardım sirenasına oxşar bu haray aləmi bir-birinə vurdu: hətta qonşular da bilirdilər ki, Nadan müəllim bu «ərköyün, sevimli, şirin, konfet, tort və s.» oğlundan ötəri lap lazım olsa Qarabağı da alar: amma hələ almır ona görə ki, oğlu hələ ondan bunu tələb etmir. Hələ ki, gündə üç dəfə «kompüter»ə getmək üçün atasının mütləq sponsorluğunu tələb edirdi. Nadan müəllim kövrəldi: öz uşaqlığını xatırladı. Xatırladı ki, onun uşaq olduğu dövrdə belə-belə şeylər yox idi, o vaxtlar uşaqlar yalançı tapançalarla atışırdılar və xatırladı ki, o özü həmişə qalib gələrdi, sonra hətta hökumət işçilərinin də üzünə açılmayan və borca da verilməyən, qədimi, təmiz dəridən tikilmiş kisəsini açdı, qara günə saxlanılan şax şirvan və bir neçə məmmədin içindən bir cırıq beşyüzlük tapdı, şpilkaya bərkidərək pulu oğluna atdı, ona kompüterlə mübarizədə uğurlar arzulamağı da unutmadı. Sonra qarşısında dik dayanmış oğluna baxdı: - Hansı dərsə görə beşi almısan? - Azərbaycana erməni basqınları və aciz türklər. – uşaq hırıldadı. - Hə-ə? –hirsindən müəllimin bığları səyirdi, qıpqırmızı qızardı, əlinin arxası ilə uşağa bir şillə çəkdi. Fincin cəld uşağı himayəsinə aldı. Müəllim isə əlləri əsə-əsə stolun qırağında həmişə hazır saxladığı «valerian»lardan birini ağzına atdı, sol əli ilə sinəsinin sol tərəfini sıxcaladı, az qala qışqıra-qışqıra soruşdu: - Kitaba elə yazılıb? - Yoox. – uşaq ağlaya-ağlaya dedi – uşaqlar hamısı elə deyirlər. - Qələt edirlər, köpəkuşağı, danışdıqları şeyə bax, axmaqlar… Bunların valideynləri hara baxırlar görəsən… Arvad yenə dinc dayana bilmədi: - Sən hara baxırsan, onlar da ora baxırlar da… - Kəs səsini, sənin də başın elə onlar kimi işləyir. Vətəni alağa qoymaq – onu öldürməkdən, qırğına verməkdən; hətta yenə bir iyirmi rayon verməkdən pisdi… Erməni köpək uşağı… Uşaqlar indidən belədirlərsə, onlar gələcəkdə bu vətəni necə qoruyacaqlar, sabah Qarabağı geri kim alacaq?! - Kim verib, o da alsın, mən balalarımı əsgər getməyə qoymaram… Birinə göz kağızı düzəltdirəcəm, birinə də əlil… hamı belə edir… Müəllim qışqırdı: - Kəs, zibil, axmaq köpəyin qızı, düzəltdirəcək… Bəs vətəni kim qoruyacaq, hə? Məyər bizim babalarımız əlillik kağızı ilə qoruyublar vətəni? Belə çıxır ki, Azərbaycan əlillər respublikasıdır, eləmi? Yaxud da dünyada ən böyük, hətta respublika kimi fəaliyyət göstərmək dərəcəsinə qədər ağıllanmış dəlixana… Yox bir, bəlkə bunu rəsmən elan da edəsiniz? Hə? Elə sizin kimi arvadlardan oldu da… - Bütün qonşular elətdirir, mənə olmaz? - Kəs səsini?! Uşağın hələ beşinci sinifdə oxuyur, indidən onları döyüşə hazırlamaq lazımdır, indidən… - Gördük də qabaqcadan hazırlanmanın nəticəsin… Odeey, Fatmanın oğluna məktəbdə müəllim başa salıb ki, ermənilər düşməndilər, onlarla döyüşə hazırlaşın, nə bilim neynəyin… - Sonra… - O da elə dərsdən çıxan kimi qaçıb direktorun kabinetinə, katibənin başına yekə bir güldən keçirib… - Niyə, erməniymiş? - Yox, özünə familiya əvəzinə ləqəb götürübmüş: Xatirə Hayan… - Noolsun? - Necə noolsun? Uşaq hardansa eşidibmiş ki, ermənilərin familyalarının sonu «yan»la qutarır… - Malades… - Nadanın kefi qalxdı – halaldı ona babam Koroğlunun qanı, afərin, əhsən… Ərinin sevindiyini görən Fincan hirsindən partlaya-partlaya döyüş meydanını tərk edib o biri otağa keçdi: çox yaxşı bilirdi ki, ərinin belə bir sveincini korlasa axırı yaxşı olmaz?! Çox yəqin ki, bu axşam Nadan müəllimə dinc oturmaq qismət deyilmiş, çünki yazıq müəllim fikir dəryasında gəzintiyə çıxmaq üçün, belə demək olarsa, gəmiyə mindiyi an, qapı çırpıldı – elə bil ki, dünyanın sonu gəlmişdi və dəmir qapı indicə çıxıb evin ortası ilə bir olacaqdı. Fincan xanım yenə bəd ağzını açdı və pıçıldadı: «qaz puludu». Amma bu dəfə də zənni onu aldatdı.Gələn, Nadan müəllimin zəhləsinin getdiyi, dedi-qodu üzrə məhlə çempionu, və bu səbəbdən də halalca əri tərəfindən tez-tez qızıl yumruq mükafatına layiq görülən və mükafatdan sonra gözünün altı yaşıl rəngə boyandığından dörd yolda sfetafor kiim dayanmaq şərəfinə layiq görülən – bu son şərəfi ona Nadan müəllim verirdi – qonşu Söhbət arvad, xala, dır-dır, bəzən də Qiyamət ləqəbli qarı içəri daxil oldu və o dəqiqə də fincanın qısqanclıqdan gözlərinə fikir vermədən Nadan müəllimi qucaqladı: - Xilas elə, qurban olum, xilas el, elə bil ölmüşəm, ölümü yerdən götür, məni xilas et, əllrini öpüm, qurtar məni, məni ağlar qoyma… - Ay anam, sakitləş, de görək nə olub?.. - Mənim balamı, boksyorumu əsgər aparırlar… - Hansını? - Pyan Vəlinin çənəsini çıxardan, qudurmuş iti əlləri ilə boğan pəhləvan balamı, iki dəfə rayon çempionu, üç dəfə məktəb çempionu, Kamran balamı, igid balamı… Qolunu gipsə saldırmışdım ki, guya qırılıb, ya əlil kağızı alajaxdım, ya da həkim tramva yazajaxdı, vallah… - Mən nə edim? - Əşi orda kəmisyə ona baxanda, soruşublar ki, əlin qırılmazdan əvvəl necə tərpənirdi, o da elə tərpədib ki, gips tökülüb… atamın goru haqqı, mən həmişə deyərdim ki, pəhləvandı, inanmırdılar, dayısına oxşayıb da… - Harası oxşayır, az? – Fincan yenə dayana bilmədi… Nadan müəllim tərs-tərs ona baxdı və dedi: - Mənim bura nə dəxlim var? - Qurban olum, bir az savadlımız sənsən… Get o kəmisyəni razı sal, nə qədər istəyirlər verim, bircə pəhləvanımı aparmasınlar. Qurban olaram sənə, götür məni yerdən – arvad əllərini yana açıb silkələnməyə başladı – mənim balamı qaytar mənə, sən o dədənin goru… - Arvad, ölüləri narahat eləmə, mən rüşvət işlərində səriştəsizəm. Söhbət arvad onun sözlərini yarımçıq kəsdi, ikrahedici nəzərlərlə onun təmirsiz evini və əyinbaşını süzərək dedi: - O bilinir, elə deməsən də olar… Fincin arvad elə bil ki, ərinin hansısa çatışmamazlığına görə xəcalət çəkdi və o dəqiqə də bəraət qazanmağa çalışdı: - Neynək, bacarmır da… Mən neçə dəfə demişəm… Tələbələrə havayı qiymət yazanda qızışırlar, qədrin bilmirlər… Amma neynək, bacarmır da… Az qalır özüm onunla imtahanlara gedim… Bir kassa da hazırlamışam… Arvadının belə danışması Nadanı yaman dilxor etdi və o hirsindən əsən əllri ilə qapını itələyib evdən çıxardı, qapını da arxası ilə çırpdı. - Ə, neynirsən? – Fincan ərinə qışqırdı və cavab olaraq da əri tərəfindən itələndi otağa. - Mən sənə deməmişəm ağzına gələni danışma? Hə? - Əşi nə deyirəm, düz deyirəm da… Sol tərəfindən qopan ağrıların ağırlığı altında əzilən, bir tərəfdən də arvadından yanıqlı Nadan müəllim özünü birtəhər yığışdırdı və dilləndi: - Çıx get burdan… Fincan başa düşdü ki, bıçaq sümüyə dirənib – yəni daha geriyə yol yoxdu, yoxsa keçən dəfəki kimi, bütün kvartalın qabağında küçədə yatası olar. O dəqiqə taktikanı dəyişdi, ərinə su gətirdi, bir valerian hazırladı, arxadan onun kürəyini ovxalaya-ovxalaya dedi: - Sən hirslənmə, mən istəyirəm ki, qonşuların işinə yarayasan. Dünyanın işini bilmək olmaz – sənin də ona işin düşə bilər… Nadan müəllim arvadının sözü hara çəkdiyini bilmək üçün susdu, Fincan söhbətə davam edirdi: - …Sən gedəydin, bəlkə o kəmisyəni də yola verərdin, bizə də bir şey çatardı, heç olmasa Qəhrəmana bir idman forması alardıq – onun tayları hamısı bundan geyinir. Arvad kişinin yaralı yerini yaxşı bilirdi. -İdman formasının Söhbət qarıya nə dəxli var: - Onun əri Qasım italyanski formalar satır. İşi yola versən sənin də birini istəməyə haqqın olar – pay kimi… Müəllim arxaya çevrildi, belini ovxalayan arvadın sifətinə baxdı, fikirləşdi və nəhayət dedi: - Doğru deyirsən? - Papa canı… Birdən o gözlənilməz ildırım kimi qışqırdı: - Rədd ol burdan. Arvad qorxusundan cəld otaqdan çıxdı, başa düşdü ki, səhərdən Nadan bilə-bilə özünü sakit aparırmış ki, onun fikrini axıra kimi öyrənsin. Elə bu an qapının zəngi bir də çalındı, daha doğrusu kimsə qapını var gücü ilə çırpdı »elə bil Qiyamət günü çatıb və onlara dəvətnamə göndəriblər» - bunu müəllim fikirləşdi və özü qapıya gəldi. «Qlazok»dan Söhbət qarını tanıyıb, ürəyində «hər halda dəvətnaməni paylamağa onü göndərməzlər» deyə fikirləşib qapını açdı. - Gedən deyiləm, nahaq özünə bir də əziyyət vermisən. - Əşi getmirsən cəhənnəmə get, televizora baxırsız? Adicə bir kəlmədən həyəcanlanan Fincan ağappaq ağardı və dilləndi: - Nadan qoymur baxmağa, deyir hamısı yalandı. Noolub ki?! - Noolacaq, indicə LAĞTV-də dedilər ki, saat 18:30 radələrində zəlzələ olacaq, 3-7 bal arası… - Hii-y?! Vaxsey… Söhbət arvad Fincanın haraylarına fikir də vermədən dedi: - Nadan müəllim, mebelləri həyətə düşürürük, kömək edin də… Nadanın gözləri bərəldi, gülməkdən özünü birtəhər saxlayaraq dilləndi: - Mebelləri… Həyətə – gülmək onu tutdu… - Əşi onsuz da sizdə daşınası bir şey yoxdu – yenə istehzalı baxışlarda onların evlərinə baxdı – gəlin bizə kömək edin… Fincan arvad itələyici baxışlarla ərinə baxdı və elə bil gözləri ilə ona idman formasını xatırlatdı: «qonşuların işinə yara…» - Mən heç yerə düşmək fikrində də deyiləm, yalan söhbətdi. Söhbət arvad iki əlini birlişdirib barmaqlarını açaraq ona tərəf çırpdı: - Boyuvu yerə soxum… O heç nəyə baxmadan qapını bağladı. Otağa keçdi və arxaya çevrilərək qapıda dayanmış arvad-uşağa baxdı: - Mən heç yerə düşən deyiləm, istəyirsiniz siz düşün. - On beş dəqiqə qalıb hələ, sən də düşərsən, balalarımı yetim qoyma… - Fincan yalvarıcı nəzərlərlə ərinə baxdı. - Siz düşün, onsuz da zəlzələ olmayacaq… Arvadla uşaq tələsə-tələsə aşağı endilər. O başını göyə qaldırdı, göylərə baxdı və elə bil ki, hansısa bir zəlzələ əlaməti görsənməli idi – amma görmədi. Öz-özünə dilləndi: - Zəlzələ çox gecikib, bu millətə daha o da kar etməz… Şkafdan spirti çıxardı, yarım stəkan suya spirt qatdı və birnəfəsə vurdu, büzüşmüş ağzını marçıldatdı, çarpayıya uzandı. Həyətdə isə camaat qaynaşırdı. Hamı qiymətli əşyaları ilə bərabər evdən çıxsa da bəziləri mebelləri də sürüyürdülər. Hərə öz hayında idi. Cavanlardan kimsə dilləndi: - - Pyan Vəliyə deyən olub? Hamı başını buladı, bu tənha kişiyə bəd xəbəri çatdırmaq unudulmuşdu: həmişə sərxoş olan bu adamın evinə heç kəs getmək istəmirdi. Həmin cavan oğlan boğazına güc verib aşağıdan yuxarı qışqırdı: - Ay Vəli dayı, ay Vəli dayı… Söhbət arvad öz mebellərinin hayında olmasına baxmayaraq söz atmağa da vaxt tapdı: - Başı batsın onun… O gün oğlum ona necə ilişdirdi: düz çənəsinin altından… Nəhayət uzun çağırışlardan sonra Vəli kişi balkona çıxdı: tamamilə sabun içində idi, «yəqin çimirmiş:» - deyə səslər yayıldı. Arvadlardan kimsə dilləndi: - Nə əcəb… - Vallah göz dəyəcək… Vəli kişi qışqırdı: - Nə var, a bala? - Zəlzələ, zəlzələ olacaq… - Ha, ha – vəli kişi gülməyə başladı – indi ayılıblar… Zəlzələ çoxdan olub ey… ha…ha… - Başıbatmış yenə sərxoşdu - Söhbət arvad dilləndi. Vəli dünyanı vecinə almadan yenə içəri girdi və onun bərkdən mahnı oxuyan səsi eşidildi… Elə bu vaxt heç kəsin tanımadığı bir nəfər Vəli kişinin pəncərəsinin yanındakı pəncərədən başını çıxardı və həyəcanla soruşdu: - Nə olacaq?! - Zəlzələ… Bunu eşidən kişi iki addım geri çəkildi, sonra sürətlə irəlilədi və özünü aşağı atdı. Aşağıda isə üstü şiferlə örtülü qaraj dayanırdı və kişi gurultu ilə qarajın üstünə düşdü, şiferlər parça-parça oldu, qaraj yiyəsi başını tutub qaraja tərəf cumdu – hamı elə bildi ki, o kişinin ölümündə qorxur. Amma əslində o kişinin ölməməsini ona görə istəyirdi ki, sınmış şiferlərin pulunu alsın. Amma qaraj sahibindən qabaq kişinin şiferlərin üstündə uzanmış cəsədinə molla çatdı və kişinin ölümünü təyin edib «Yasin» surəsini başladı. Hər kəs bu təhlükəli – bir azdan zəlzələ olacağını bilə-bilə surəni sonuna qədər həvəslə dinlədi, son fatihədə hamı bir ağızdan dua etdi ki, qoy zəlzələ olmasın. Mebel daşımaqdan yorulmuş Qasım kişi isə heç kəsin gözləmədiyi bir duayla fatihə mərasiminə son qoydu: - Yarəb, sən bizim əziyyətimizi itirmə… - deyib ona mebel daşımağa kömək edənlərə baxdı. Molla isə oxuduğu surənin pulunun intizarında kişinin ciblərini yoxlayanda məlum oldu ki, o tullandığı evə oğru giribmiş. Tapdığı oğurluq mallardan bir neçəsini cibinə atdı və qalanını da şifer sahibinə verdi. Sonra öz hərəkətini camaat qarşısında izah etməyə başladı: - Ölü bu dünyada qoyduğu bütün borcları ödəməlidir ki, o dünyaya rahat qəbul olunsun. Elə mənim oxuduğum surənin də pulu bu borclara daxildir, və bu pul nə qədər tez çatsa, dua o qədər tez Tanrının dərgahına çatar və ölünün vəziyyəti yüngülləşər. Ölünün tərpəndiyini görən Söhbət arvad dilləndi: - Deyəsən həqiqətən də yüngülləşir… Hamı geri çəkildi, molla bərkdən, lap elə bil Allahı eşitdirmək üçün dilləndi: - Allahu-əkbər… Təcili yardım çağıran əl telefonları işə düşdü və təəccüblü olsa da çağırışlar təcili yardım maşınları gələnə qədər davam etdi. Maşınların biri yarımcan olmuş oğrunu apardı, o birilər isə işsizlikdən elə burda qalmaq qərarına gəldilər. Fincan xanım o maşınlardan ən azı yaralı olanını – yəni ən gözə gəlimlisini öz əri üçün seçdi. Çünki ona elə gəlirdi ki, bu gün mütləq nə isə olacaq. Saat isə artıq yeddiyə qalırdı: zəlzələdən əsər-əlamət yox idi. Məktəblilər isə atalarına danışırdılar ki, zəlzələni heyvanlar qabaqcadan hiss edirlər. Və axşama kimi itlə-pişiklə dolu olan küçədə bir dənə də olsun heyvan tapılmadı. Bu, onlara heç də maraqlı görsənmədi və heyvanları görməyən əhali də qərara aldı ki, yəqin zəlzələ də olmayacaq. Bu kəlməni eşidən Qasım kişi yenə ayağa qalxdı və dedi: - Allah, sən bizim əziyyətimizi itirmə, - və yenə nəzərlərilə ona kömək edənlərə baxdı. Evdə uzanan Nadan müəllim isə yuxuda Qarabağın düzlərində gəzirdi və birdən qabağına bir erməni dığası çıxdı. O yuxudaca onun üstünə cumdu, amma avtomatın ona tuşlanmış ucu altında o güllələrə hədəf oldu və tər içində yuxudan ayıldı. Ayılan kimi zəlzələ düşdü yadına və ilk olaraq da ağlına Qəhrəman gəldi. Cəld eyvana çıxdı, nəzərləri ilə yerdəki arvadların arasından öz sevimli arvadını tapdı və soruşdu: - Qəhrəmanı tapmısınız? Arvad birdən ayılan kimi oldu: axı kompüter zalı zirzəmidədir! Həyətdə arvad, evdə isə kişi hərəkətə gəldilər. Nadan qapıya tərəf yeridi, qapını açdı ki, gedib oğlunu tapsın, amma bu ona qismət olmadı: elə bil ki, dünya tərsinə çevrildi, elə bir ani vaxt ərzində o anasının laylasını xatırladı və nəhayət ömründə bir dəfə minib Fincanla birlikdə Gəncəyə getdiyi qatarı xatırladı, sonra bütün xatirələr yox oldu və onların yerini aramsız təkanlar və hər tərəfdən onun üstünə gələn divarlar aldı. Son anda onun ağlına gəldi ki, Tanrı ona cəza verir və yuxudakı ermənini də xatırladı, güllələri bir də bədənində hiss etdi… Həyətdə isə zəlzələdən hərəkətə gəlmiş və hara qaçacaqlarını bilməyən camaat diffuziyaya uğramış malekullar kimi bir-birinə dəyərək daha həyəcanla və surətlə qaçışırdılar: onlara elə gəlirdi ki, bu zəlzələdən harasa qaçıb qurtara bilərlər. Bilmirdilər ki, zəlzələ onların içindən ətrafa yayılır və onlar hara getsələr də zəlzələnin episentri onlarla bərabər hərəkət edir.
Bookmark and Share
Baxış sayı:123     Dekabr 2, 2007 12:04 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha