Reklam verin!
Ulduzları barmaqla saymaq olardı o gecə...Qaranlıq gecənin fonunda insanın gözünə gah qırmızı,gah sarı görsənən ulduzlar... Doqquzuncu mərtəbənin balkonunda ikimiz yanaşı dayanmış halda sayırdıq ulduzları.Tamamilə aydın bir şəkildə- elə bil sinifdə uşaqları sayırsan – düz iyirmi bir dənə,yanıb-sönən ,ağ-sarı ulduzlar.(Görəsən ulduzlar bizi saysaydılar- yəni yanaşı durub onlara baxan sevgililəri saysaydılar nə qədər olardılar?Bilmirəm....)
-- Bəlkə bir arzu tutaq? – o təklif elədi. -- Nə arzulayaq ki...maşallah hər şey var.- qollarımı yana açaraq əlimin altında bütün şəhərin yanıb-sönən işıqlarını sanki qucaqladım, segilimə xəyanət etdim sanki və o dəqiqə əllərimi geri çəkdim- saçlarımın yonulma ehtimalı çoxdu. --Lağ eləmə,fikirləş...tez elə... Tənbəl-tənbəl ulduzlara baxdım. -- Denən də bir şey....Nə istəyirssən?...- qız tullana-tulllana əlimi dartışdırdı. -- Ölmək...ölmək istəyirəm...lap köhnə zamanlarda,orta əsrlərdəki kimi...sevgilinin dizində can vermək...sən də saçlarını tökürsən sinəmə başlayırsan ağlamağa...- ağlıma gələn ilk fikri dediyimə sonradan özüm də peşman oldum. -- Eeeeey.... o nağıldı...- qız sakit qarşıladı mənim axmaq bəlkə də ağıllı arzumu...-həmdə ki onsuz da nə vaxtsa öləssən,tələsməyin adı nədi? Nisyə bir şey istə...əlində olmayan...di tez elə... -- Hara qaçırıq ki...qoy fikirləşim də... --Yox eee...mən bir şey tapmışam... -- Yenə nə Amerika kəşf eləmisən? – yenə istehzayla dilləndim-ironiyanın dəlisiyəm. -- Qulaq as...bax bir arzu tutursan...gözlərini yumursan sonra...yəni ikimiz də yumuruq...kişi kimi...baxmırıq... -- Sən kişi deyilsən axı... -- EEE,qulaq as...elə ki gözümüzü yumduq,ona kimi sayırıq,və gözlərimizi açanda... -- Nə,göydən dollar yağacaq? -- E,dollar nədi...gözümüzü açanda... -- Bir qoca kişi düşəcək birdən və deyəcək ki,- səsimin tonu dəyişir,qocaların sirli-sehrli səslərini yamsılayıram..-“oğlum,bax orda,sahildə,qayanın altında bir küp qızıl basdırmışam,tap onu...ver hökümətə...sənə bir iyirmi beş faiz qalar...”-əməlli başlı,özümü axırıcı yola qoyaraq artistlik edirəm,-təki kefi kök olsun və bu arzu söhbətini unutsun.Yoxsa qorxuram mən fikirləşəni deyə. -- Bəsdi də..-onu gülmək tutdu.-gözümüzü açanda...-deyəsən unutmaq fikri yoxdu. -- Hə,açanda... -- Açanda ulduzları bir də sayırıq...onlar çoxalsa arzumuz həyata keçəcək... -- Birdən azalsa? --Azalsa mən sabah evimizə qayıdacam... O birdən-birə,bir saniyənin işində doluxsundu- insanın belə dəhşətli dərəcədə qısa bir vaxtda dəyişilməsi,sanki qocalmasını mən ilk dəfədi görürdüm, sən demə səhərdən bəri,o da yalandan gülüb,danışıb,şıltaqlanırmış,sən demə yalandan nazlanırmış.Beynim qaynar ocaq kimi qaynasa da,ağlıma heç bir ağıllı fikir gəlmirdi.Bayaqdan bəri başıma min cürə oyun açan bu qız deyil sanki. Tamam dilxor oldum- birdən-birə sifətimə xatırlamaq istəmədiyim həqiqətlərin buludları çökdü- səhərdən bəri var gücümlə ətrafımızdakı şəraiti və vəziyyəti unutmaq,və balaca qızcığaza da bunu unutdurmaq istəyirdim.Amma sən demə o da,elə bununla məşğulmuş.Və heç birimiz də bunu bacarmadıq.Yenə də heç olmasa bir saat bu fikri,düşdüyümüz bu vəziyyəti,və həll yollarının axtarışını unuda bilmədik. --Pərvanə... O özünü yığışdırdı. --Gözlərimi açanda,qarşımda Allahı görsəm,və o mənə desə ki,qızı evlərinə qaytar... Əlini ağzıma elə yapışdırdı ki,sözlərim boğazımda boğulmağa başladı- amma mən bütün dəyanətim və inadımla sözlərimi axıra kimi dedim,təsəvvür edin də,boğula-boğula nələri və necə danışdığımı.Mən danışdıqca o gözləri ilə gözlərimdəki sevgini duymağa ,ürəyimdəki hərarəti hiss etməyə başladı.Əlini çəkdi.Üzünü göyə çevirdi və dilləndi: -- Davay da...mənim xətrimə...nolar... Razılaşmalı oldum.Yoxsa,bu saat başlaycaq,köhnə hamamın köhnə tasından ki,bəs məni sevmirsən,qismətdə yoxmuş,ay nə bilim bəxtim belə,zəmanə belə...valideyinlər də ki, ...belə... -- Yaxşı bir də say görək... --Saydım...iyirmi bir dənədi...hamısı da parlaq...bax- əlini sola uzadır-..üçü ordadı...üçü də bu yanda...ikisi lap aşağıda...dey o beşmərtəbənin üstündə...qalanı da düz başımızın üstündə... Diqqətlə səmaya baxdım.Qapqara səma,və orda sanki ağ dəlik kimi ulduzlar... -- Bəlkə bir şer deyim sənə...-bu axmaq fikri bunun başından bir yönlə qovmaq lazımdı,ya yox? -- Yenə şairliyin tutdu.- güldü –vuruldun bir şairə,duxun çatır qulaq asma.....de gəlsin...-qız balaca əlləriylə saçlarımı qarışdırmağa başladı. -- Gecəni dünyaya yamaq vurublar, Sabahlar dünyanın cırıq dızləri... Gecələr bu dünya heç bizim deyil, Ulduzlar kiminsə ayaq izləri... -- Yekə kişisən...Bu nə şerdi...Belə də şer olar? O yarı zarafat, yarı ciddi dedi bunu.Heç qəlbimə də dəymədi- onsuz da yazdıqlarım bircə özümün xoşuma gəlir. Gözlərim səmadakı ulduzları gəzdi- heç artmaq ya da azalmaq fikrləri yoxdu sanki,necə vardılarsa eləcə durub sanki göz qırpırdılar-elə bil mənə göz vuraraq hansısa bir hərəkəti zarafatla etdiklərini bildirmək istəyirdilər. Amma sağ tərəfdə,lap küncdə,qızın saymadığı,görmədiyi bir balaca ulduza dəydi gözüm.İstədim deyim – amma ağlıma bir fikir gəldi:birdən ulduzlar artrmadı,onda necə? Qız pərt olacaq.Allah bilir inanacaq özünün kəşf elədiyi fala.Ondansa qoy o ulduz ehtiyatda qalsın.Nə yaxşı oldu.Pərvanə sevinəcək... --Hə ,nə deyirsən,yumaq gözlərimizi?- bu dəfə mən dilləndim. Hər ikimiz gözlərimizi yumduq.Beləcə yanaşı dayanmış halda...əl-ələ...çiyin-çiyinə....doqquzuncu mərtəbəsində binanın...hündürdə...Allaha və ulduzlara daha yaxın...Küləklərə daha rahat bir yerdə ki, saçlarımızı dağıtsın,başımızı sığallasın,bəlkə də valideynlərimizdən ala bilmədiyimiz xeyir duanı da almaq istəyirdik Bakının küləyindən- nətər də olmasa,zarafat deyil,hər gün bizimlədi...Parkda,bulvarda...bircə kinoteatra girə bilmir...daydayının sözü keçmir yəqin kinoteatra.. -- Arzumuz...-qız dillənir – ömürlük,ölənə kimi... Cammaat burda ümidlər arzular qurur,mən maşallah hər şeydən qurtarıb,indi küləyin problemlərin həll eləməklə məşğulam.Bu yazığın dediklərinə sinonimfason bir şeylər demək lazımdı.O axı belə sentimentallıqları sevir. -- Əbədi,... qəbrədək... -- birlikdə ikimiz... --sevgimiz... -- uşaqlarımız.... Qız gözüyumulu güldü: --Bu arzu olmadı ki... --...elə bil epopeya oldu axı.... -- O nədi elə? -- Əşşi boş şeylərdi,fikir vermə... --Gijdəmə...-o yenə gülür... --Arzumuz nə oldu? --Mən bilirəm... --Mən də bilirəm... Üz-üzə dayanmışıq- gözümüz yumulu,sifətimizdə təbəssüm,beyinlərimizdə Allah bilir nələr, (şəxsən mənim beynimdə fikir əlindən tərpənməyə yer yoxdu,) onun əlləri mənim ovcumda,başlarımız bir-birinə söykənib.Külək onun saçlarını mənim sifətimə çırpır- yekə dünyada başqa yer yoxdu sanki- elə bil başa düşür ki,saçlarının ətri burnuma dəydikcə Yazıq Kərəmin niyə yandığını,yazıq Məcnunun niyə dəli olduğunu başa düşürəm. -- Di say...- daha səbrim qalmayıb.Bir az da keçsə nikahdan əvvəl Culyettaya yaxınlaşdığına görə Romeonu qınadığım yadımdan çıxacaq. Qızın dəli kimi sevincindən tullanıb-düşmsinə baxmaq üçün də tələsirəm.........Nə yaxşı o ulduz var...Nə yaxşı bütün maneələrə baxmayaraq indi birgəyik,burda,balkonda...və bizi bir-birimizdən ayırmağa indi heç nəyin gücü çatmaz. Deyəsən onun əlləri əsir- həyəcanlıdır. ”Ancaq tezliklə hər şey yaxşı olacaq.İndi sevinəcəksən!”- düşünürəm. O sayır- yavaş-yavaş.. Mənsə az qala başım boyda alnımı onun balaca alnına söykəyərək,yavaş-yavaş gah o yana,gah bu yana çevirirəm..Və məcburi şəkildə onun da başı başıma simmetrik olaraq çevrilir- gah o yana,gah bu yana...(bəs necə,indi ki,mənə qoşulub qaçıb,mənimlə yaşamaq istəyir,ömrünün sonuna kimi,bilməlidir ki,əsas idarəedici mənəm....)..sanki sakitliyin,gecənin sakitliyinin ritmini tuturuq...Sərin havanın ritmini,uzaqda ay işığı altında görsənən Xəzərin ritmini tuturuq sanki....(Qobustan qayaları,və balacaykən baxdığım o qaval daşından bəhs edən o cizgi filmi də düşür yadıma.O oğlanla o qıza həmişə yazığım gəlirdi,və hər dəfə filmin sonuna kədərləndiyinmdən baxmırdım- bilirdim ki,neçə dəfə baxsam da dəyişən deyil.)...İki gənc ürəyin ritmini tuturduq sanki....Başlarımızı tərpətdikcə burunlarımız toxunurdu bir-birinə.Bir-birimizi sevdiyimiz illər ərzində ilk dəfə dodaqlarımız qovuşdu qəfildən- sanki sahiblərindən izəazəsiz-filansız...Ancaq çox yavaş...O yavaşca pəncələri üstünə qalxdı,mənimsə əlim bir anda onun çiyinlərində qıvrıldı və bununla onu sanki həm qaldırır,həm də özümə çəkirdim.Gözlərimiz açıldı- sanki yuxudan oyanırdıq..Həyatda belə bir anın bir də olmayacağını hər ikimiz yaxşı bilirdik- ona görə də hərəkət etməyə,nəfəs almağa belə qorxurduq. O başını yavaşca səmaya çevirdi.Mən səmadan heç narahat deyildim,ona görə də qızı seyr edirdim...ağ bənizi...burnu...dodaqları...saçları...qaşları...gözləri.....onun gözləri... mənim o ulduzu “gizlətdiyim” yerə baxır sanki...Kədərlə baxır.. Cəld başımı o tərəfə çevirdim- ulduz yoxdu...Həmən ulduz ki,mən gizlin saxlamışdım,yoxdu...Sevindirməli idi bu ulduz onu ...Yoxdu...Hətta səmadakılardan da bir neçəsi yoxdu...On iki ulduz qalıb...On iki...Və hələ bunlar azmış kimi onun gözlərindəki o ifadə- sən demə o ulduzu o da “gizlədibmiş”...O da şübhələnirmiş ulduzların xain çıxacaqlarından...Ona görə o ulduzu saymayıbmış... Hər ikimiz bir-birimizi aldatmaq istədiyimizə görə gülürük...Eyni zamanda gözlərimiz ağlayır...Lap dərində...Sanki heç kəssin görməyəcəyi bir küncə -burunlarımızın dibinə,uşaq anasının dizinə sığınan kimi çəkilib və ağlayır gözlərimiz,... Bütün əziyyətlər hədərmiş demə...On illik sevgi,evlərdəki narazılıqlar,yuxusuz gecələr,xəlvət görüşlər,davalar,mərəkələr...Hamısı hədərmiş..Onun mənə qoşulub qaçması...gəlib burda- başqasının evində,bir tanışın evində gizlənmələr...işsiz-gücsüz,pulsuz-parasız elədiyimiz bu risk...(və məşhur atalar sözünə baxsaq deyəsən içə bilmədiyimiz Şampanski...)...Qismətdəsə yoxmuş.. Əvvəl zarafatla başlayan bu fal da real cavaba çevrilmişdi.Hər ikimiz əmin idik ki,sabah ayrılacağıq.Ancaq bütün gecəni,elə balkondaca,divarın dibinə qısılıb yanaşı oturaraq,dizlərimizi əllərimizlə qucaqlayaraq o vəfasız ulduzlara baxa-baxa hər şeyin gözəl olacağından danışaraq keçirdik...Bütün gecəni bir-birimizi əmin elməyə çalışdıq ki,ayrılmayacağıq və bütün gecəni külək də bizimlə oldu,bacardığı qədər bizi tək qoymadı- həmişəki kimi...Və bütün bunlar bir gəcəni yola vermək üçün idi...İkikmiz də bilirdik bunu...Və buna görə də dil boğaza qoymurduq..Elə hey falların yalan olduğundan danışır,ulduzların sayı ilə fala baxdığımıza gülürdük. Ancaq heç nəyə,hətta sabah ayrılacağımıza baxmayaraq hər ikimiz üçün o gecə həyatımızın ən gözəl gecəsi idi.O gecə bir də ola bilməzdi- nə mənim,nə də onun həyatında.Çünki o gecədən sonra biz də bir-birimizin həyatında yoxuq....
Bookmark and Share
Baxış sayı:465     Dekabr 2, 2007 11:59 tarixində, zerdusht tərəfindən, nəsr bölməsində yazılib.   Şərhlər(3)

1
RUFQA yazıb:

BELƏ BİR AZ ELƏ BİL MARAXSİZDİ KX
AND
NƏSƏ DEYİRDİM

Mart 17, 2008 14:56

2
zərdüşt yazıb:

fikrinizin aydın ifadəsinə görə təşəkkür...

Mart 21, 2008 14:45

3
zuzu yazıb:

lap yuxum geldi

Oktyabr 29, 2008 21:20

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha